Bir gün | Əli Xəyyam

Səninlə mən
Kövrəlib qısılmışıq Dünyanın daxmasına
Ən şıltaq, ən yaltaq və ən müdrik insanların arasında

Bax dost,
Gör neçə aydır ki, unutmaq üçün fasiləsiz içirəm
Neçə aydı içirəm, unutmuşam
Nə qədər içmişəm, unutmuşam
Bircə kədəri unuda bilməmişəm

Bizlər bir gül ləçəyi kimiyik
Bütün güllərdən fərqsiz,
Eyni qoxuya sahib, eyni rəngə
Lakin illər sonra bir kitab arasında yaşayan

Yanında yaşlanacağımız sevgililəri
Ən gənc yaşlarımızda seçmişik
Nə xoş təsadüfdür bu?!

Bilirsən sən, balaca şəhərin adamlarının
Ümidləri böyük olur
Hər kəsi eyni taleh gözləyir, hə?
Hamı çəkib gedir
Sonda adama qalan bircə ölüm olur

Təsəlli necə də bərbad bir xülya
Bircə sən demədin, “döz, bu da keçər”
Gözlərindən oxunur, sən bilirsən ki:
Bizim halımız Vətəndən də bətər...

Biz doğmalardan uzaqda
Saçlarını zamanın tumarladıqları

Biz, ürəyi parça-parça ayaqüstə
Hər içkidə səbəbsiz darıxan
Boşluqla baxışan və
“Bir gün”-lərə uşaq kimi inanan

“Hərkəs”-li şəhərin heçkəsləri…
 

0 şərh